Ötən il KOB-ların 41 layihəsinin maliyyələşdirilməsinə 714 min manat qrant ayrılıb
KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2024-cü ildə təşkil edilmiş iki müsabiqə çərçivəsində 41 layihəyə 714 min manat həcmində qrant ayrılıb.
Startup.az xəbər verir ki, hər bir layihə üzrə təqdim edilmiş maliyyə vəsaitinin həcmi 20 min manata qədərdir.
Qrant almış şəxslər arasında gənclər və innovativ layihələr xüsusi çəkiyə malikdir. Qrant vəsaiti daha çox biznesyönümlü tədqiqat işlərinin aparılmasına, bu məqsədlə laboratoriya xərclərinin qarşılanmasına, prototiplərin hazırlanmasına, istehsal avadanlıqlarının əldə edilməsinə, yeni həll yollarının tətbiqinə, rəqəmsal platformaların hazırlanmasına və digər istiqamətlərə yönəldilib.
İndiyədək isə KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək üçün 6 qrant müsabiqəsi təşkil edilib. Bu müsabiqələrə təqdim edilmiş layihələrdən 99-u 1,7 milyon manat həcmində maliyyələşdirilib. Növbəti, 7-ci qrant müsabiqəsinin 2025-ci ilin birinci yarısında keçirilməsi nəzərdə tutulur.