KOBİA nümayəndələri Dünya Palatalar Federasiyasının Avropa və Asiya Sammitində iştirak edib

KOBİA nümayəndələri Dünya Palatalar Federasiyasının Avropa və Asiya Sammitində iştirak edib

İstanbulda keçirilən Dünya Palatalar Federasiyasının Avropa və Asiya Sammitində iştirak məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Türkiyədə səfərdə olub. “İqlim fəaliyyətinə birgə yanaşma” mövzusuna həsr olunmuş tədbir palata rəhbərləri, ekspertlər, dövlət və özəl sektorun təmsilçiləri ilə bir araya gəlməklə əməkdaşlıq vasitəsilə effektiv iqlim fəaliyyətinə dair yeni yolları müzakirə etmək məqsədilə təşkil olunub.  

Startup.az xəbər verir ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sammitin açılışında və tədbir çərçivəsində keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin görüşündə iştirak edib. “KOB-lar və iqlim uyğunlaşması: problemlər və imkanlar” mövzusunda paneldəki çıxışında KOBİA sədri KOB-ların iqlim dəyişiklikləri ilə mübarizəyə verə biləcəyi töhfə, yaşıl keçidlə bağlı onların qarşılaşdıqları çətinliklər və ehtiyacları barədə fikirlərini bölüşüb, iştirakçıları KOB-ların yaşıl keçidinin asanlaşdırılmasına dəstək üçün Agentliyin irəli sürdüyü qlobal təşəbbüsə qoşulmağa dəvət edib.

Sammit çərçivəsində KOBİA nümayəndələri Ərəb Palataları İttifaqının Baş katibi Xalid Hənəfi, Keniya Milli Ticarət və Sənaye Palatasının prezidenti Erik Rutto, Qətər Beynəlxalq Ticarət Palatasının sədri Şeyx Xəlifə Əl Tani, İordaniya Ticarət və Sənaye Palatasının sədri Xəlil Məhəmməd Əl-Hac Tövfiq və Beynəlxalq Ticarət Palatasının Baş katibi Con Denton ilə görüşüb. Görüşlərdə yerli KOB-lar ilə müvafiq ölkələrin sahibkarları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsinə, bu istiqamətdə qarşılıqlı biznes missiyaların təşkilinə, rəqəmsal transformasiya və yaşıl keçidlə bağlı KOB-ların çətinliklərinə, rəqəmsal ticarət və KOB-ların bazarlara çıxışı, onların imkanlarını artırmaq üçün birgə təlim proqramları və digər şəbəkələşmə tədbirləri, əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. 

Paylaş