Daha bir bank Ani Ödənişlər Sisteminə qoşulub
Azərbaycan Mərkəzi Bank tərəfindən Ani Ödənişlər Sisteminin (AÖS) əhatə dairəsinin genişləndirilməsi və istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.
Startup.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, növbəti uğurlu inteqrasiya işləri nəticəsində “Ziraat Bank Azərbaycan” ASC-nin mobil və internet bankçılıq xidmətləri sırasına AÖS ilə köçürmə etmək imkanı əlavə edilmişdir. Bu funksionalın yaradılması nəticəsində “Ziraat Bank Azərbaycan” ASC-nin hüquqi və fiziki şəxs müştəriləri digər bankların AÖS-də qeydiyyatdan keçmiş istənilən müştərisinə mobil nömrə və ya digər sadələşdirilmiş identifikatorlar vasitəsilə asanlıqla, saniyələr ərzində köçürmə həyata keçirmək imkanına malik olmuşlar. Eyni zamanda, bu kanallar vasitəsilə hesabını AÖS-də qeydiyyatdan keçirən istifadəçilər “Ziraat Bank Azərbaycan” ASC-nin və digər bankların müştərilərindən mobil nömrə, şəxsiyyət vəsiqəsinin FİN kodu və ya digər sadələşdirilmiş identifikatorlar vasitəsilə köçürmələr qəbul edə biləcəklər.