Azərbaycan startapları Səudiyyə Ərəbistanında yeni akselerasiya proqramına qatıla bilər

Azərbaycan startapları Səudiyyə Ərəbistanında yeni akselerasiya proqramına qatıla bilər

“Al-Farabi Innovation Hub” innovasiya mərkəzi “Astana Hub” və “Plug and Play Saudi” ilə birgə Orta Asiyadan olan startaplar üçün hazırlanmış “Al-Farabi ScaleUp” proqramının ilk buraxılışının başlandığını elan edir. Proqram Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçiriləcək və Yaxın Şərq və Şimali Afrika (MENA) bazarında genişlənməyə hazır olan startapları dəstəkləmək məqsədi daşıyır. MENA bazarı Misir, Əlcəzair, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər kimi Yaxın Şərq və Şimali Afrika ölkələrini əhatə edir.

Startup.az “Al-Farabi Innovation Hub”a istinadən xəbər verir ki, iştirak üçün müraciətlər 2024-cü il oktyabrın 25-dək qəbul edilir. Proqram “Product-Market Fit” (PMF) mərhələsində İT layihələrinə və Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstandan olan yetkin texnologiya şirkətlərinə yönəlib. Seçim nəticələrinə əsasən, 15 ən yaxşı startap Səudiyyə Ərəbistanı bazarına daxil olmaq, o cümlədən regionun aparıcı korporasiyaları və vençur fondları ilə əlaqələr qurmaq imkanı əldə edəcək.

Çoxillik təcrübəsi olan və MENA regionunda innovativ layihələr üzərində işləyən “Plug and Play” mentorluq dəstəyi və beynəlxalq bazarlara daxil olmaq üçün imkanlar təqdim edəcək. Proqrama Səudiyyə Ərəbistanında 6 həftəlik onlayn təlim və 8 həftəlik offlayn iş daxildir. İştirakçılar məhsulların regional bazara uyğunlaşdırılmasında dəstək, habelə regionun aparıcı fondlarından və investorlarından sərmayələr cəlb etmək şansı, həmçinin Ər-Riyadda iki ay müddətində yerləşmə imkanı əldə edəcəklər. Ən perspektivli layihələr “Tumar Venture Fund”dan investisiyalar cəlb edə biləcək.

Qazaxıstan Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi və “Tumar Venture Fund”un birgə innovasiya mərkəzi olan “Al-Farabi Innovation Hub” bu ilin mart ayında açılıb. Mərkəzin vizyonu Qazaxıstandan olan istedadlı sahibkarları və innovativ startapları Səudiyyə Ərəbistanına cəlb etmək və ilkin sərmayə, akselerasiya proqramları, dəyərli sənaye bilikləri və şəbəkələşmə imkanları təmin etməklə onların regiona köçməsini və inkişafını dəstəkləməkdir.

Paylaş