“Sudan dayanıqlı istifadədə KOB-ların rolu” mövzusunda müzakirə təşkil olunub

“Sudan dayanıqlı istifadədə KOB-ların rolu” mövzusunda müzakirə təşkil olunub

Bakıda keçirilən COP29 çərçivəsində “Su həyatdır” layihəsinin təqdimatına həsr olunmuş “Sudan dayanıqlı istifadədə KOB-ların rolu” mövzusunda tədbir keçirilib.

Startup.az xəbər verir ki, tədbir KOB-lar üçün səmərəli su istifadəsi və müasir texnologiyalar üzrə inkişaf proqramının – “Su həyatdır” layihəsi barədə potensial tərəfdaşların məlumatlandırılması, eləcə də su ehtiyatlarının qorunması, davamlı idarə edilməsi və bu sahədə innovativ həllərin təşviqi məqsədilə təşkil olunub.

Qeyd edək ki, “Su həyatdır” layihəsi “SmartNation” platforması və Kiçik və Orta Biznesin inkişafı Agentliyi (KOBİA) tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir. Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dünya İqlim Fondunun prezidenti Jens Nielsen, COP29 Təşkilat Komitəsinin üzvü və “SmartNation” platformasının təsisçisi Şəbnəm Məmmədova su resurslarının əhəmiyyəti, KOB-ların yaşıl iqtisadiyyata keçidi prosesində sudan səmərəli istifadə barədə fikirlərini bölüşüblər.

Tədbir “Sabah üçün hər damla önəmlidir” və “Suya qayğı, gələcəyə zəmanət” mövzularında panellərlə davam edib. Panellərdə Kənd Təsərrüfatı Nazirliyinin, Cenevrə Universitetinin, KOBİA-nın, “ANTEA Brasil”in, UNFCCC Yaşıl İqlim Fondunun, “Acqua Novara. Vco SpA”, “Digital Umbrella” və “Sustainera Solutions” şirkətlərinin nümayəndələri su resurslarının qorunmasının gələcək üçün önəmi, texnologiyaların bu sahədə rolu, su ehtiyatlarının effektiv idarə olunması sahəsində innovativ həllər, beynəlxalq əməkdaşlığı müzakirə ediblər.

“Su həyatdır” layihəsinin meneceri Aytən Hacıyeva tərəfindən “KOB-lar üçün səmərəli su istifadəsi və müasir texnologiyalar üzrə inkişaf proqramı”nın təqdimatında isə layihənin məqsədi və gözlənilən təsirlər barəsində məlumat verilib. Vurğulanıb ki, layihə noyabrın sonundan etibarən Lənkəran, Masallı, Lerik, Astara, Cəlilabad və Biləsuvar rayonlarında həyata keçiriləcək.

Müzakirələr zamanı sudan istifadə qaydaları, kənd təsərrüfatında və sənayedə istifadə olunan suyun qənaəti barəsində suallar cavablandırılıb.

Paylaş